Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanda səfərdə olan fransız yazıçı, “Beynəlxalq Reyn Dərnəyi”nin prezidenti Jerar Kardon Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.
Mərkəzdən "Report"a verilən məlumata görə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, Mərkəzin icraçı direktoru Azad Məmmədov və qurumun aparat rəhbəri Aytən Qəhrəmanın iştirakı ilə keçirilən görüşdə dövlət müşaviri qonağın Azərbaycan multikulturalizmi modeli və ölkəmizdə yaşayan etnik icmalar və konfessiyalarla bağlı suallarını cavablandırıb.
J.Kardon Azərbaycan və Fransanın multikultural dəyərlərini müqayisə edərək qeyd edib ki, səfərinin məqsədi buranın mədəniyyəti, adət-ənənələri ilə tanış olmaqla yanaşı, Azərbaycan qadınları haqqında kitab yazmaq arzusudur: "Qadınlarla bağlı belə bir layihəni dünyanın bir sıra ölkələrində gerçəkləşdirmişəm. Bu layihədə məqsəd hər hansı bir ölkəni qadınlar vasitəsilə təqdim etməkdir. Azərbaycan qadınlarına həsr olunmuş əsəri iki hissədən ibarət roman şəklində yazmağı planlaşdırıram. Birinci hissədə Azərbaycan qadınlarının həyatı, ailədə, cəmiyyətdə rolu, onların hüquqlarının qorunması işıqlandırılacaq, ikinci hissədə isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində doğma yurdundan didərgin düşən, Xocalı faciəsində erməni separatçıları tərəfindən əzizləri qətl edilən, müsibətlərlə üzləşən qaçqın Azərbaycan qadınının taleyi yer alacaq".
Qeyd edək ki, J.Kardon humanitar məsələlərin və qadın haqlarının müdafiəsi ilə bağlı 40-dək kitabın müəllifidir. Əsərləri dünyanın aparıcı dillərinə tərcümə edilib.