Elxan Salahovun "Tanrı yoxuşu" kitabının təqdimatı keçirilib

Elxan Salahovun "Tanrı yoxuşu" kitabının təqdimatı keçirilib Tanınmış araşdırmaçı-jurnalist, Qarabağ müharibəsi veteranı Elxan Salahovun "Tanrı yoxuşu" kitabının təqdimat mərasimi keçirilib.
Ədəbiyyat
13 Aprel , 2022 12:34
Elxan Salahovun Tanrı yoxuşu kitabının təqdimatı keçirilib

Tanınmış araşdırmaçı-jurnalist, Qarabağ müharibəsi veteranı Elxan Salahovun "Tanrı yoxuşu" kitabının təqdimat mərasimi keçirilib.

“Report” xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri, məcburi köçkünlər iştirak edib.

İlk olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açıb. O bildirib ki, kitab Kəlbəcərin ağır günlərindən, acı xatirələrdən bəhs edir:

"Hiss olunur ki, müəllif kitabı göz yaşları ilə yazıb. Oxuyanda da göz yaşı ilə oxuyursan. Kitab dərin məzmuna malikdir. Vaxt gələcək bu kitablar gələcək nəsillərə mənbə olacaq. Kitab canlı şahidlərin dilindən yazılıb. Belə kitablar, sənədlər hər zaman lazımdır".

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov vurğulayıb ki, tarixdə kitab, söz qalacaq:

"50-100 illər keçəcək, tarixi vərəqləyəndə bu cür kitablar yol göstərəcək. Hələ kitabı oxuya bilməmişəm, amma Elxanın danışdıqlarından elə bilirəm ki, artıq kitabı oxumuşam".

Daha sonra Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid qeyd edib ki, Elxan Salahovun Azərbaycan jurnalistikasında özünəməxsus yeri var:

"Eyni zamanda, sözügedən kitab da həm onun, həm də Azərbaycan tarixinin nisgilli tərəfini göstərir. Bəzən bu cür faciələri yazmağa adamın gücü çatmır. Bu baxımdan, bu kitabı yazmaq böyük şücaətdir".

Müəllif Elxan Salahov isə bildirib ki, kitab Kəlbəcərin işğalı zamanı mühasirədə qalanların həyat mücadiləsindən bəhs edir:

"Burada qeyd alınan faktlar hamısı realdır, olmuş hadisələrdir. Burada doğma yurdunu tərk etməyən, düşmənə, işğalçıya qarşı mübarizə aparan yüzlərlə sakinin son anda xilas olma cəhdləri və işğalçılara yaxalanması, faciələrə düçar olubması əks olunub. Kitabda mühasirədə qalan əsgərlərin və dinc sakinlərin başına gələnlər, ermənilərin törətdiyi qətliamlar və vandalizm hərəkətləri şahıdlərin xatirələri əsasında oxuculara çatdırılır".

Qeyd edək ki, jurnalistin digər kitabı “Qanlı kaha”, 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin yurd-yuvasını tərk etməyən, 4 ay ərzində kahalara sığınmış 76 dinc sakinin mühasirə həyatından bəhs edir.

Son xəbərlər

Orphus sistemi