Bakı. 28 may. REPORT.AZ/
“Sabir poeziya günləri”nin açılış mərasimi mayın 30-da Beynəlxalq Muğam Mərkəzində olacaq. Tədbirdə tanınmış ədəbiyyat xadimləri iştirak edəcək, habelə “Sabir” sənədli filmi nümayiş etdiriləcək, görkəmli xanəndələrin ifasında muğam və mahnılar səslənəcək.
Tədbir Azərbaycan ədəbiyyat və incəsənət xadimlərinin, xarici qonaqlarin iştiraki ilə mayın 31-də şairin doğulduğu Şamaxıda davam edəcək. Şəhərdəki Mədəniyyət Mərkəzində rəngarəng proqram təqdim olunacaq.
Mirzə Ələkbər Sabir (1862-1911) Azərbaycan satirik poeziyasının parlaq simalarından biridir. Xatırladaq ki, Sabirin yurdu – şairlər diyarı Şamaxı Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları” layihəsinə əsasən 2015-ci il üçün “Azərbaycanın ədəbiyyat paytaxtı” elan edilib.