Bakı. 10 dekabr. REPORT.AZ/ Ankarada Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub. Azərbaycanın Türkiyədəki səfirliyindən "Report"a verilən xəbərə görə, TÜRKSOY-un mənzil-qərargahında keçirilən mərasimdə türkdilli ölkələrin elm və mədəniyyət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri və ədəbiyyatsevərlər iştirak ediblər.
Əvvəlcə görkəmli şairin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman, deputat, Azərbaycan Atatürk Mərkəzinin sədri Nizami Cəfərov, M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və digər natiqlər B.Vahabzadənin anadan olmasının 90 illiyinin Türkiyədə qeyd olunmasını türk dünyasının ədiblərinə verilən yüksək dəyər kimi qiymətləndiriblər.
Çıxışlar əsnasında B.Vahabzadənin şeir sənəti və fikirlərinin bütün türk dünyasında dərin iz qoyduğu, Azərbaycan xalqının azadlıq mübarizəsi və Azərbaycan dilinin qorunmasındakı əhəmiyyətli rolu, 60-a yaxın ölkədə 200-ə yaxın kitabı çap edildiyi və dünyada ən çox oxunan yazarlar sırasında olduğu vurğulanıb.
Mərasim çərçivəsində B.Vahabzadənin ədəbi yolunun kitab nümunələrindən qurulan sərginin açılışı olub. Həmçinin, mərasimdə görkəmli şairin adını daşıyan orta məktəbin şagirdləri B.Vahabzadənin şeirlərini səsləndiriblər.
Xalq artisti Mələkxanım Əyyubova, eləcə də Azərbaycan və Türkiyədən olan digər incəsənət ustaları şairin sözlərinə yazılan mahnılar ifa ediblər.
Qeyd edək ki, tədbir TÜRKSOY, Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm Nazirlikləri, eləcə də milli kitabxanalar tərəfindən təşkil olunub.