Yuxarı

Serb general Bosniya müsəlmanlarının soyqırımında təqsirli bilinib

Serb general Bosniya müsəlmanlarının soyqırımında təqsirli bilinib
Ratko Mladiç ömürlük azadlıqdan məhrum edilib

Bakı. 22 noyabr. REPORT.AZ/ Beynəlxalq Haaqa Məhkəməsi “Bosniya qəssab”ı adlanan keçmiş Yuqoslaviya ordusunun komandanı Ratko Mladiçin müsəlmanlara qarşı soyqırımı törətdiyi haqqında qərar qəbul edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, Srebrenitsada müsəlmanların qətliamının əsas təşkilatçılarındandır.

Məhkəmə Ratko Mladiçi soyqırımı, insanlığa qarşı cinayət və müharibə qanunlarını pozmaqda təqsirli hesab edərək ömürlük azadlıqdan məhrum edib.

Xatırladaq ki, 1995-ci il iyulun 11-də BMT-nin, əsasən, Hollandiya hərbçilərindən ibarət qüvvələrinin nəzarəti altında olan bu şəhərə Ratko Mladiçin komandanlığı altında Serbiya ordusu ağır texnika və çoxsaylı canlı qüvvə ilə girərək soyqırm törədib. İki gündə 8 372 bosniyalı müsəlman öldürülüb. Onların hamısı kişilərdir. Həmin hadisədən 22 il ötsə də, indiyədək 6 241 nəfər dəfn edilib . Bu günə kimi 7 000 cəsəd tapılıb. 1372 nəfər barəsində heç bir məlumat yoxdur. BMT-nin Təhlükəsizlik Şurasında Srebrenitsada soyqırımın olması ilə bağlı hüquqi sənədin qəbulu müzakirə olunub. Şuranın 15 üzvündən 10-u bu məsələnin lehinə səs verib. Rusiya veto qoyduğundan, sənəd qəbul edilməyib. Yuqoslaviyadakı 1991 - 1995-ci il savaşından əvvəl Srebrenitsada 36666 nəfər yaşayıb. Məlumata görə, hazırda orada yaşayanların sayı 10 000-ə yaxındır. Soyqırımadək Srebrenitsada əhalinin 78%-ni bosniyalılar, 9% -ni isə serblər təşkil edirmiş. İndi müsəlmanların sayı 5 minədək azalıb. Şəhərin əhalisinin qalanı serblərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi