"Bakıda keçirilən konfrans türkdilli xalqlar arasında böyük tarixə malik mədəni və qardaşlıq əlaqələrinin daha da inkişafı üçün Türk Dövlətləri Təşkilatına üzv dövlətlərinə mənafeyinə xidmət edir".
“Report” xəbər verir ki, bunu Özbəkistan Müsəlmanları İdarəsinin Beynəlxalq şöbəsinin müdiri Şavkat Xamdamov “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda keçirilən konfransda deyib.
"Özbəkistan ilə Azərbaycan arasında dostluq çox böyük tarixə malikdir. Xalqlarımız arasında mədəni, təhsil və dini əlaqələrin tarixi çox uzaq keçmişə gedib çıxır. Özbəkistan ilə Azərbaycanı qədim zamanlardan dostluq və əməkdaşlıq əlaqələri bağlayır. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə söykənən əlaqələrimiz bundan sonra da möhkəmlənəcək”, - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan mütəfəkkirlərinin əsərləri Özbəkistanın ziyalıları tərəfindən yüksək qiymətləndirilir: "Daşkənd Dövlət Pedaqoji Universitetinin Nizami Gəncəvinin adını daşıması buna əyani sübutdur”.
R.Xamdamov qeyd edib ki, çox çətin bir dövrdə türk xalqlarının daha sıx birləşdiyi bir vaxtda Bakıda belə bir konfransın keçirilməsi onun əhəmiyyətini açıq şəkildə göstərir.
"Özbəkistan Türk Şurasına rəsmi üzv olduğu vaxtdan təşkilatın fəaliyyətində fəal iştirak edir və onun inkişafına öz töhfəsini verir. Struktur çərçivəsində irəli sürdüyümüz təşəbbüslər qarşılıqlı maraqların təmin edilməsinə yönəlib, kollektiv səylərin həyata keçirilməsinə və ümumi problemlərin birgə həllinə xidmət edir. Qardaş xalqlar arasında etimadın möhkəmləndirilməsi, din və təhsil sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, sülhün və sabitliyin qorunması qarşımızda duran vəzifələr sırasında xüsusi yer tutur”, - şöbə müdiri bildirib.
O vurğulayıb ki, biz müştərək türk ailəsiyik: "Təşkilatımızla əməkdaşlığın qurulmasına marağın artması bizim dinc şəkildə birgə yaşama və inkişaf tərəfdarı olduğumuzu bir daha göstərir. Məqsədimiz bərabərliyə, qarşılıqlı etimada, marağa və əlaqələrin inkişafına əsaslanan mehriban qonşuluq, həmrəylik və əməkdaşlığın böyük potensialından istifadə etməkdir”.