Son zamanlar İranın Azərbaycanın sərhəd ərazilərində keçirdiyi hərbi təlimlər və Ermənistana verdikləri dəstəyə etiraz olaraq ölkəmizin Şimal rayonlarında fəaliyyət göstərən din xadimləri bəyanat qəbul ediblər.
"Report"un Şimal bürosunun məlumatına görə, bəyanatı Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının din xadimləri imzalayıb.
Bəyanatda bildirilib ki, 2020-ci ildə Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın bölgədə sülh və əməkdaşlıq naminə qonşuları ilə siyasi, iqtisadi əlaqələrini inkişaf etdirmək istəyi göz önündədir: "Lakin təəssüflər olsun ki, Azərbaycanın xoş niyyətləri hər zaman lazımi qiymətləndirilmir, bəzi dövlətlər və siyasi dairələr tərəfindən aqressiv münasibət və açıq düşmənçilik meylləri ilə qarşılanır. Bu təəssüfdoğurucu hal qonşu İran dövləti ilə bağlı haqlı narahatlıq doğurur. Təəssüflər olsun ki, İran öz siyasəti ilə yanaşı, dindən də istifadə edərək Azərbaycanda ictimai sabitliyi, vətəndaş birliyini pozmaq, məzhəblərarası təfriqə yaratmaq istiqamətində istər daxildə, istərsə də ölkə xaricində məqsədyönlü təxribat aparmaq niyyətindədir".
Məlumatda qeyd edilib ki, əsrlər boyu İran ilə Azərbaycanı bir-birinə bağlayan dini və milli dəyərlər iki dövlət arasında dostluğa və qardaşlığa çevrilib: "Lakin Azərbaycanın əsas dərdi olan Qarabağ məsələsi həllini tapana qədər və ondan sonra da İranın münaqişə və müharibənin səbəbkarı olan təcavüzkar Ermənistana qarşı yaxın münasibətini biz din xadimləri pisləyir, bu siyasəti dostluq və qardaşlığa xəyanət kimi qiymətləndiririk. 67 müsəlman məscidindən 65-ni dağıdan, təhqir edən Ermənistan kimi bir ölkə ilə bütün sahələrdə əməkdaşlıq etmək, müsəlman ölkəsinə yaraşan bir siyasət deyil".
Şimal bölgəsinin din xadimləri İranın bu hərəkətlərinin müqəddəs İslam dininin qardaşlıq ruhuna uyğun olmadığını bəyan ediblər: "Biz din xadimləri olaraq bəyan edirik ki, daim dövlətimizin və Ali Baş Komandanımızın siyasətini dəstəkləyib, dinindən və millətindən asılı olmayaraq, dövlətimizə qarşı yönəlmiş hər bir təhlükədə iradəmizi ortaya qoyaraq cənab Prezidentin ətrafında dəmir yumruq kimi birləşmişik. Heç bir qüvvə bizi bu fikrimizdən döndərə bilməz. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirdiyi siyasi xətti bu gün də Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Bir daha İranın İslam düşmənlərinə qarşı bu siyasətini qınayaraq, bu siyasətə öz etirazımızı bildiririk".
Qeyd edək ki, daha əvvəl ölkəmizin Qərb rayonlarında və Aran rayonlarında fəaliyyət göstərən din xadimləri bəyanat qəbul ediblər.