Bakı 24 yanvar.REPORT.AZ/"Azərbaycanda kimsə özbaşına kütlə qarşısında dini ayinləri icra etmək, yanlış ideologiyaları yaymaq istəsə, onlara qarşı tədbirlər görüləcək".
Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
Onun sözlərinə görə, bəzən insanlar yanlışlığa yol verir və məscid olmayan tikiliyə məscid, rəsmi qeydiyyatı olmayan bir qrupa isə icma adı verirlər: "Vətəndaşlarımızı yad dini ideologiyalardan qorumaq üçün müəyyən tikililərdə din adı altında özbaşına yığıncaq təşkil edilməsinə icazə verilmir".
Dövlət Komitəsinin sədr müavini vurğulayıb ki, Azərbaycanda məscid kimi fəaliyyət göstərmək üçün qeydiyyat və icma olmalıdır: "Eyni zamanda, rəsmi din xadimi təyin olunmalıdır. Bilinməlidir ki, dini mərasimi kim keçirir. Kim insanlara ibadəti öyrədir. Ona görə kənar şəxslərin, şübhəli insanların bu mühitə daxil olmaması, yad ideologiyaları insanlara təbliğ və təşviq etməmələri üçün bu cür toplantıların qarşısı alınır. Çünki onların kimliyini, haradan idarə olunduğunu bilmirik. Hansı ideologiyanı təbliğ etdiyi də məlum deyil".
S.Heydərov bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üçün bu cür hallara qarşı mübarizə aparılması prioritet istiqamətlərdəndir: "İstər İslam, istərsə də qeyri-islam icmaları üzrə qanun pozuntularına görə müvafiq tədbirlər keçirilib və artıq qanunsuz dini mərasimlərin qarşısı xeyli alınıb. Bundan sonra da bu istiqamətdə qətiyyətli addımlar atmağı nəzərdə tutmuşuq".