Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rus Pravoslav kilsəsinin Mitropoliti İoanı (Georgi Roşşin) qəbul edib.
QMİ-nin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əvvəlcə qonaq Şeyxülislam həzrətlərinə Moskva və bütün Rusiya patriarxı Kirilin salam-dualarını çatdırıb.
Şeyxülislam Qafqaz Müsəlmanları İdarəsi üçün Rus Pravoslav kilsəsi ilə əlaqələrin xüsusi önəm kəsb etdiyini vurğulayaraq iki dini mərkəz arasında ənənəvi dostluq, qarşılıqlı ehtiram və sıx əməkdaşlıq əlaqələrin mövcud olduğunu qeyd edib. O, pandemiya dövrünün bu əməkdaşlığa böyük ölçüdə təsir göstərdiyinə baxmayaraq, RPK və QMİ nümayəndələri arasında mütəmadi fikir mübadiləsinin və istər onlayn, istərsə də əyani görüşlərin davam etməsindən öz məmnunluğunu dilə gətirdi, bu əlaqələrin qlobal dinlərarası dialoqa böyük töhfə verdiyini bildirib.
Daha sonra Şeyxülislam həzrətləri Azərbaycanın əzəli Qarabağ torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində Azərbaycanda yaşayan bütün dini konfessiyadan olan bütün vətəndaşlarımızın, o cümlədən, rus pravoslav qardaşlarımızın dövlət ətrafında sıx birləşməsindən, onların da arasında şəhid qəhrəmanlarımızın olduğunu fəxarətlə vurğulayıb.
Şeyxülislam həzrətləri erməni təcavüzkarlarının 30 il istila altında qalan əzəli torpaqlarımızda həyata keçirdikləri zorakılıq və etnik təmizləmə cinayətlərindən, tarixi-dini abidələrimizə qarşı törətdikləri vandalizm aktlarından bəhs edərək, hazırda ölkəmiz qarşısında azad olunmuş torpaqlarda bərpa və dinc həyatın yenidən qurulması, dini məbədlərin, o cümlədən, məkrli qriqorianlaşdırma əməllərinə məruz qalmış tarixi xristian məbədlərinin gələcəyinin müəyyən edilməsi, eləcə də Ermənistan dövlətinin və erməni kilsəsinin Azərbaycana qarşı apardığı dünya miqyaslı iftira və ləkələmə kampaniyasına, Ermənistanla Azərbaycan arasında qarşıdurmanın dini müstəviyə keçirmək cəhdlərinə qarşı fəaliyyət kimi vəzifələrin durduğunu qeyd etdi.
Öz növbəsində, Moskva və bütün Rusiya patriarxı Kiril həzrətlərinə öz səmimi salam-dualarını yetirən Şeyxülislam, Ermənistanla Azərbaycan arasındakı münaqişənin guya dini müstəvidə olduğunu göstərməyə imkan verməmək üçün indiyədək böyük işlər görən Rus Pravoslav kilsəsi bundan sonra da regionda dinc həyatın bərpa olunması yolunda öz səylərini əsirgəməyəcək.
Qəbula görə Şeyxülislam həzrətlərinə öz təşəkkürünü bildirən Mitropolit İoan yenidən Azərbaycanı ziyarət etməkdən xoşbəxt olduğunu bildirdi. O, QMİ sədrinin fikrinə şərik çıxaraq 21-ci əsrdə dinlərin və dinlərarası əməkdaşlığın əhəmiyyətinin daha da artdığını, müasir dünyanın problemlərinə qarşı ən təsirli vasitələrdən biri olduğunu qeyd etdi.
Görüş səmimi dostluq şəraitində keçdi.