"İşğaldan azad olunmuş dağıdılmış şəhər və kəndlərimizə yeni həyat verən Azərbaycan dövləti türk dünyasının qüdrətini, qurucu mədəniyyətini, tolerant mənəviyyatını bütün dünyaya nümayiş etdirir. Ermənistan konstruktiv mövqe nümayiş etdirmir".
"Report"un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin 3-cü görüşündə çıxışı zamanı deyib.
O təəssüf hissi ilə bildirib ki, Ermənistan konstruktiv mövqe nümayiş etdirmir:
"Ermənistanın bəzi siyasi və din xadimləri barış, qarşılıqlı anlaşma mövqeyindən deyil, revanşizm, yeni müharibə ritorikası ilə çıxış edərək xalqların dinc yanaşı yaşamasına maneçilik törədirlər. Böyük təəssüflə qeyd etməliyəm ki, münaqişə davam etdiyi illərdə sülh istiqamətində dəfələrlə birgə imza qoyduğumuz bəyanatların ruhuna xilaf çıxaraq Eçmiədzin bu gün də revanşizmin əsas təşkilatçılarındandır. Mən bu tribunadan erməni Kilsəsinə, Eçmiədzinə müraciət edir, nə qədər gec deyil, xalqının taleyini, müqəddəratını düşünərək revanşizmdən əl çəkməyə, təxribatlara, qarayaxma kampaniyalarına və nifrət çağırışlarına son qoymağa, öz xalqına yeni müsibətlər deyil, nicat verəcək ideyalarla çıxış etməyə, məhvə məhkum etməməyə çağırıram".