Gürcüstanda dövlət qeydiyyatına alınmış 312 məsciddən 130-u müsəlman icmasına qaytarılıb

Gürcüstanda dövlət qeydiyyatına alınmış 312 məsciddən 130-u müsəlman icmasına qaytarılıb “Tbilisidə azanın məscidin minbərindən verilməsi məsələsi yaxın günlərdə həllini tapacaq”
Din
31 Avqust , 2016 17:22
Gürcüstanda dövlət qeydiyyatına alınmış 312 məsciddən 130-u müsəlman icmasına qaytarılıb

Tbilisi. 31 avqust. REPORT. AZ/ Gürcüstanın Dini məsələlər üzrə Dövlət Agentliyi ölkədəki daha 15 məscidin müsəlman icmasına qaytarılması, artıq dağılmaqda olan bir məscidin isə təmir-bərpasına icazə verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, həmin məscid Gürcüstan hökumətinin maliyyə vəsaiti hesabına yenidən qurulacaq.

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Şərqi Gürcüstan üzrə müftisi hacı Yasin Əliyev "Report"a müsahibəsində deyib ki, bu günədək Gürcüstan hökuməti 130 məscidin müsəlmanlara qaytarılmasına icazə verib: “Ümumilikdə Gürcüstanda 312 məscidimiz dövlət qeydiyyatına alınıb. Onlardan bəziləri xüsusi mülkiyyətə verilmiş torpaqlarda, bir hissəsi isə dövlət mülkiyyətində olan ərazilərdədir. Həmin məscidlərin də müsəlman icmasına qaytarılması istiqamətində danışıqlar gedir”.

Y.Əliyevin sözlərinə görə, Gürcüstan hökuməti ölkədə tolerantlığın möhkəmlənməsi, dini icmaların, o cümlədən də müsəlman icmasının normal fəaliyyət göstərməsi üçün bir sıra tədbirlər görür. Dini icmalara dövlət tərəfindən maliyyə yardımı göstərilir. Hökuməti hər il dövlət büdcəsindən GMİ-nin hesabına pul köçürür. Bu il GMİ-nin büdcəsinə dövlət büdcəsindən 2,5 milyon lariyə yaxın vəsait ayrılıb. Bu da icma üzvlərinin əmək haqlarının ödənilməsinə, məscidlərin təmiri, dini maarifləndirmə və s işlərə sərf olunur.

Y.Əliyev Azərbaycan dövlətinin də Gürcüstandakı müsəlman icmasına, eləcə də digər dini icmalara göstərdiyi qayğını yüksək qiymətləndirib: “Biz bu qayğıya görə, Azərbaycan Prezidentinə minnətdarlığımızı bildiririk”.

GMİ-nin müftisi Tbilisidəki məsciddə namaz vaxtı azan verilməsinə də münasibət bildirib: “Mərhum prezident Şevardnadzenin hakimiyyətdə olduğu dövrdə Tbilisidəki məsciddə mədrəsə də fəaliyyət göstərirdi. Həmin dövrdə mədrəsədə təhsil alan tələbələr məscidin minbərindən azan verirdilər. Lakin sonradan mədrəsə başqa yerə köçürüldü. Sonralar gündə 5 dəfə azan verilərkən müəyyən narazılıqlar yarandı və indi azan yalnız məscidin içərisində verilir”.

Müfti deyib ki, bölgələrdəki məscidlərdə isə azan minbərlərdən verilir: “Marneuli, Qardabani, Bolnisi, Kaxeti, Dmanisi və azərbaycanlıların yığcam yaşadıqları digər bölgələrdəki məscidlərdə gün ərzində beş dəfə azan verilir və bunu hamı eşidir. Bölgələrdə azanla bağlı heç bir problem yoxdur”.

“Paytaxt Tbilisidə də namaz vaxtı azanın məscidin minbərindən verilməsi məsələsi də yaxın günlərdə həllini tapacaq” - deyə, Y.Əliyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi