Apellyasiyaya müraciət edən din xadimlərindən bir nəfərin nəticəsi məqbul hesab edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, bununla bağlı Apellyasiya Komissiyasının iclasında qərar verilib.
Bildirilib ki, İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün cari ilin 27 iyun - 06 iyul tarixlərində baş tutmuş müsahibənin nəticələri ilə bağlı 11 nəfər Apellyasiya Komissiyasına ərizə ilə müraciət edib.
Komissiyanın keçirdiyi iclasda iddiası təmin edilən 1 nəfərin müsahibə nəticəsi məqbul hesab olunub. 9 nəfər iddiaçının nəticələri ilə bağlı Müsahibə Komissiyasının verdiyi qərar tam obyektiv və əsaslı hesab edilərək qüvvədə saxlanılıb. Ərizə ilə müraciət etmiş 1 nəfər isə apellyasiya prosesinə qatılmayıb.
Qeyd edək ki, Apellyasiya Komissiyasının qərarından narazı qalan vətəndaşlara məhkəməyə müraciət etmək hüquqlarının olması barədə ətraflı məlumat verilib.