Bakı. 4 sentyabr. REPORT.AZ/
Məlumata görə, sentyabrın 4-də DQİDK-də maliyyə yardımı ayrılan 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib. Toplantıda Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, şöbə müdirləri və dini icmaların sədrləri iştirak ediblər.
S.Salahlı Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışıb. O bildirib ki, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmaların təqdim etdiyi layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin yüksək səviyyəyə çatdırılması, dini radikalizm və ekstremizmin mahiyyətinin izah olunması, İslam dini ənənələrinin və milli-mənəvi dəyərlərin daha geniş şəkildə ictimaiyyətə çatdırılmasıdır. İcma sədrlərinə həyata keçirəcəkləri layihələrin əsas hədəflərinin gənclər olmasının vacibliyi tövsiyə edilib.
Tədbirin sonunda dini icma sədrləri çıxış edərək, bu sahəyə göstərdiyi diqqət və qayğıya, həmçinin, dini icmalara ayrılan vəsaitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, DQİDK Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama uyğun olaraq 67 dini icmaya maliyyə yardımı verib, bunların da 19-u qeyri-islam, 48-i isə İslam dini icmalarıdır. Verilən vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində icmalar yerlərdə tədbirlər keçirir.