Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lənkəranda yerləşən “Şeyx Zahid” ziyarətgahı və Böyük bazar “Cümə” məscidinin fəaliyyəti ilə tanış olub.
Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.
O, din xadimləri ilə söhbət zamanı qeyd edib ki, Azərbaycanda dini sahədə stabil mühit mövcuddur:
"Ölkəmiz konfessiyalar və məzhəblərarası münasibətlər baxımından da nümunəvidir. İlham Əliyev tərəfindən dini icmalara göstərilən qayğı, onların fəaliyyəti üçün daim geniş imkanların yaradılması milli-mənəvi dəyərlərimizə olan yüksək münasibətin bariz nümunəsidir".
R.Məmmədov eyni zamanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində işlərin daha səmərəli qurulması üçün dini qurumlar ilə koordinasiyanın gücləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Diqqətə çatdırıb ki, məzhəbçilik zəminində cəmiyyətdə parçalanma yaratmağa çalışan qüvvələrə qarşı dini-ideoloji maarifləndirmə tədbirlərində din xadimləri fəal iştirak etməlidirlər.
"Dini məzhəbçilik faktorundan sui-istifadə edən bəzi qüvvələrə qarşı bölgələrdə din xadimlərinin potensialından maksimum istifadə olunmalıdır", - deyə Dini Komitənin sədri qeyd edib.
Daha sonra rəy və təkliflərini səsləndirən din xadimləri Azərbaycanda ənənəvi İslamın, tarixən formalaşmış dini-mənəvi dəyərlərin qorunması və inkişafı prosesinə hər zaman töhfə verməyə hazır olduqlarını bildiriblər.