Azərbaycan İlahiyyat İnstitutu ilə Tbilisi İlahiyyat Akademiyası və Seminariyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
"Report"un yerli bürosu xəbər verir ki, memorandumu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Tbilisi İlahiyyat Akademiyası və Seminariyasının rektoru Georgi Zviadadze imzalayıb.
G.İsmayılov bildirib ki, imzalanan sənəd mütəxəssislərin və dərsliklərin mübadiləsini nəzərdə tutur. Eyni zamanda təcrübə mübadiləsini özündə ehtiva edir:
"Söhbət təkcə hər iki təhsil müəssisəsində kadr hazırlığından getmir, burada dinlərlə bağlı biliklərin verilməsi də nəzərdə tutulub. Azərbaycan İlahiyyat İnstitutunun magistr pilləsində "Dinlər tarixi" fənni tədris olunur. Tbilisi İlahiyyat Akademiyası və Seminariyasında da müxtəlif dinlər, o cümlədən İslamla bağlı da biliklər verilir. Yəni, bu dinlər üzrə mütəxəssislər (dinşünaslar) hazırlanır. İmzalanan memorandum təcrübə mübadiləsi üçün çox önəmlidir".