“Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının ağsaqqalı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə imzaladıqları Şuşa Bəyannaməsi, heç şübhəsiz, mühüm tarixi əhəmiyyətli sənəddir. Bu gün Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə Rəhbərləri Şurasının Əsasnaməsinin də Şuşada imzalanması, Birgə Bəyanatın qəbul edilməsi, öz növbəsində, Şuşanın adının tarixin salnaməsinə türk-İslam birliyinin mənəvi vəhdətinin rəsmiləşdiyi məkan kimi daxil olması deməkdir”.
“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini liderlərinin Şuşada keçirilən üçüncü görüşündə çıxışı zamanı deyib.
“Biz, dini liderlər Birgə Bəyanatımızı Türk-İslam sivilizasiyasının qədim mərkəzlərindən biri olan, 2022-ci ildə Azərbaycanın, 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş Şuşada qəbul etməklə müqəddəs dinimizə, ortaq tarix, mədəniyyət və adət-ənənələrimizə olan dərin ehtiramımızı bir daha bütün dünyaya nümayiş etdirmiş olduq. Türk Dövlətləri Təşkilatının qəbul etdiyi, özəlliklə, dini-mənəvi sahəyə dair qərar və tövsiyələrin həyata keçirilməsində fəal rol oynamaq əzmimizi bəyan etmiş olduq. Allahı, "Qurani-Kərimi", qibləsi bir olan, eyni dildə danışan qardaş xalqlarımızın dini-mənəvi müstəvidə birlik olması bizim ümumi, ortaq mənəviyyatımızın dünya miqyasında, beynəlxalq platformalarda yetkin, nüfuzlu qurum olaraq qəbul olunmağımızı təmin edəcək”, - o bildirib.