Sabunçuda əkiz doğan 53 yaşlı qadının ölümünün ilkin səbəbləri açıqlanıb - YENİLƏNİB
- 16 mart, 2026
- 13:54
Sabunçuda əkiz körpə doğan 53 yaşlı qadın doğumdan sonra tənəffüs çatışmazlığı səbəbindən ölüb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qadın Sabunçu Tibb Mərkəzinin nəzdində olan 2 saylı Doğum Evinin Patologiya şöbəsinə süni mayalanmadan (EKM) sonrakı hamiləlik, 34 həftə 4 günlük hamiləlik, vaxtından əvvəl doğuş təhlükəsi səbəbilə hospitalizasiya olunub.
Pasiyentin kliniki, laborator müayinələri aparılıb, hipotenziv müalicə fonunda nəzarətdə saxlanılıb.
Saat 10:00 radələrində döl sularının axması səbəbilə xəstə əməliyyat blokuna köçürülüb və saat 10:30-da əməliyyata götürülüb.
Əməliyyat zamanı çəkisi 2 100 qram, boyu 47 sm olan oğlan, çəkisi 2 050 qram, boyu 46 sm olan qız dünyaya gəlib.
Hər iki yenidoğulmuş Apqar şkalası üzrə 7/7 balla qiymətləndirilib.
Zahı qadın Reanimasiya şöbəsinə köçürülüb. Əməliyyatdan iki saat sonra hipotonik qanaxma baş verib, müvafiq müalicə tədbirləri görülüb. Daha sonra relaparotomiya və uşaqlığın ekstirpasiyası əməliyyatı icra olunub.
Saat 01:30 radələrində xəstənin vəziyyəti qəfil pisləşib, boğulma, sianoz (göyərmə) və tənəffüs çatışmazlığı müşahidə olunub. Aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, saat 02:30 radələrində xəstədə bioloji ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, yenidoğulmuşların müalicəsi davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Sevil Seymur
Bakıda 53 yaşlı ana doğuşdan sonra ölüb.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda yerləşən doğum evində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Mətanət Ağasi qızı Mirzəyeva doğuşdan sonra ölüb.
Faktla bağlı araşdırmalar aparılır.