Əli Əsədov TDT-nin iclas iştirakçıları ilə görüşüb
- 05 dekabr, 2025
- 12:01
Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları ilə görüşüb.
"Report"a bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə TDT-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycanın sədrliyi çərçivəsində təşkilatın öz inkişafını davam etdirəcəyinə və beynəlxalq müstəvidə nüfuzunu daha da artıracağına əminlik ifadə olunub.
Azərbaycanın əmək və məşğulluq sahəsində dövlət siyasəti, ölkədə aparılan ardıcıl sosial islahatlar barədə söhbət açılıb. Bildirilib ki, innovativ iqtisadiyyatın yaradılması, əmək məhsuldarlığının yüksəldilməsi və sosial rifahın artırılması Azərbaycan Prezidenti tərəfindən dövlət siyasətinin strateji məqsədi kimi müəyyənləşdirilib.
Görüşdə Türk dövlətləri arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.