ABB-nin Özbəkistanda aldığı bankın adı açıqlanıb
- 08 may, 2026
- 10:20
Bu ilin II yarısında "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) Özbəkistanın "Davr Bank"ının səhmlərinin 51 %-ni alaraq bu ölkədə fəaliyyətə başlayacaq.
"Report" xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
"Özbəkistan bazarında özəl bankın nəzarət səhm paketinin əldə edilməsi məsələsi ilə bağlı danışıqlarımız müsbət yekunlaşıb. Ümid edirik ki, icazə və rəsmiləşdirmə proseslərini sürətlə bitirəcəyik, ölkəmizin beynəlxalq bank brendi olan ABB Özbəkistanda "ABB Davr Bank" adı ilə təmsil olunmağa başlayacaq. Bunun üçün həm Azərbaycanın tənzimləyici orqanlarının, həm də Özbəkistan Mərkəzi Bankının müsbət rəyləri alınmalıdır",- deyə o qeyd edib.
Sədrin sözlərinə görə, özbək bankının aktivləri təxminən 1 milyard ABŞ dollarıdır: "Onun 1,4 milyondan artıq müştərisi, 43 filial və biznes mərkəzi var. Biz bir çox maliyyə qurumları ilə danışdıq və sonda bu bank üzərində dayandıq. Seçim meyarları sağlam biznes modelinin olması, Özbəkistan bazarında SME müştəriləri ilə işləməkdə müsbət reputasiya, xarici maliyyə qurumları (Asiya İnkişaf Bankı, Avropa İnkişaf Bankı və s.) ilə yaxşı əlaqələr, səhmdarın öz payını satmaq istəyi və bizim strateji hədəflərimizin üst-üstə düşməsi idi. Özbəkistandakı bank alışı üçün bu günkü hesablamalarla 100 milyon ABŞ dollardan çox investisiya qoyuluşunu nəzərdə tutur".
"Davr Bank" 2001-ci ilin sentyabr ayından fəaliyyət göstərir.
Bundan başqa, A.İbrahimov deyib ki, kənar audit yoxlamasına əsasən, ABB ötən ili 404,5 milyon manat xalis mənfəətlə başa vurub: "Bu, əvvəlki illə müqayisədə 12,4 % çoxdur. Bankımız 2025-ci ili həm də əhəmiyyətli böyümə ilə başa vurüb. O cümlədən, kredit portfelimiz 2024-cü illə müqayisədə 12 % artaraq 7 milyard manatı keçib. Aktiv müştərilərimizin sayı il ərzində 15% artım nümayiş etdirib. Bu il də səhmdarlarımıza 200 milyon manat dividend ödəməyi planlaşdırırıq. Səhmdar struktura uyğun olaraq bunun təxminən 184 milyon manatı dövlətə, qalanı isə özəl fiziki və hüquqi şəxslərə çatacaq".
Bundan başqa, bankirin sözlərinə görə, ABB İslam maliyyəsi üzrə məhsulunu "sandbox" rejimində hazırlayıb: Bu məhsulun şərtləri 100 min manatdan 5 milyon manata qədər maliyyələşmədir, təbii ki, İslam bankçılığı prinsipləri ilə. Biz xüsusi məsləhətçi və qurumla bunun təsdiqlənməsini etdik. Məhsul artıq hazırdır. Ona maraq göstərən həssas kütlə - müştərilərimiz var, səbirsizliklə təklif gözləyirdilər. Artıq onlarla müzakirələrə başlamışıq, düşünürük ki, ilk təkliflərimizi yaxın zamanlarda edəcəyik. Tənzimləmə çərçivəsində ölkədə artıq elə bir ortam yaranıb ki, bu qruplar gözləyir ki, burda hansısa banklar pəncərəni açsınlar, onlara maliyyələşmə etsinlər, öz vəsaitlərini yerləşdirə bilsinlər".