Zelenski Brüsseldə Ukraynanın təhlükəsizlik təminatlarını müzakirə edib

Digər ölkələr
  • 09 dekabr, 2025
  • 03:42
Zelenski Brüsseldə Ukraynanın təhlükəsizlik təminatlarını müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə NATO-nun Baş katibi Mark Rütte, Aİ Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə görüşdə təhlükəsizlik təminatlarını müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri özünün "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

O qeyd edib ki, həmsöhbətlərinə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı "diplomatik istiqamətdəki vəziyyət" barədə məlumat verib.

"Sülhə nail olmaq, təhlükəsizlik zəmanətləri və dayanıqlılığımızın gücləndirilməsi üzrə amerikalı tərəfdaşlarımızla gördüyümüz işləri ətraflı müzakirə etdik. Biz həmçinin PURL (Prioritized Ukraine Requirements List / Ukraynanın prioritet ehtiyaclarının siyahısı - red.) təşəbbüsünə və reparasiya kreditinə toxunduq. Bütün məsələlərdə mövqelərimiz üst-üstə düşdü. Koordinasiyalı və konstruktiv şəkildə fəaliyyət göstəririk", - deyə Zelenski vurğulayıb.

Öz növbəsində, Koşta bildirib ki, Avropa Ukraynada ədalətli və davamlı sülhə nail olmaq səylərinə töhfə verməyə davam edəcək.

"Biz Prezident Zelenskiyə təsdiqlədik ki, Aİ prinsiplərinə sadiq qalaraq mövqeyində dönməzdir. Ukraynanın təhlükəsizliyi uzunmüddətli perspektivdə təmin olunmalıdır və bu, İttifaqımızın müdafiəsinin birinci xətti kimi qəbul edilməlidir", - deyə Aİ Şurasının sədri "X" sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, daha əvvəl V. Zelenski Londonda "Avropa üçlüyü" liderləri ilə görüşmüşdü.

Son xəbərlər

Bütün Xəbər Lenti