Yunanıstan KİV: Kiyev və Afina təhlükəsizlik zəmanətləri haqqında razılaşma hazırlayır

Digər ölkələr
  • 12 avqust, 2023
  • 01:26
Yunanıstan KİV: Kiyev və Afina təhlükəsizlik zəmanətləri haqqında razılaşma hazırlayır

Yunanıstan ABŞ-nin iştirakı ilə Ukrayna ilə bir sıra sahələrdə təhlükəsizlik zəmanətlərinin verilməsinə dair ikitərəfli razılaşmanın bağlanması üzrə danışıqlar aparır.

“Report” xəbər verir ki, bu barədə ölkənin “Ekathimerini” qəzeti yazıb.

“Afina və Kiyev bu yaxınlarda Yunanıstanın bir neçə sahədə təhlükəsizlik zəmanəti vermək öhdəliyi şəklində olacaq ikitərəfli razılaşmanı uzlaşdırmaq üçün birbaşa danışıqlar aparıb”, - nəşr qeyd edib.

Qəzetin yazdığına görə, bu təmaslarda ABŞ da iştirak edib.

Xatırladaq ki, daha öncə Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya daxil olana qədərki dövr üçün təhlükəsizlik zəmanətləri paketinin hazırlandığını açıqlamışdı. Onun sözlərinə görə, yaxın gələcəkdə Kiyev ABŞ və 12 Avropa ölkəsi, o cümlədən Belçika, Danimarka, İrlandiya, İslandiya, İspaniya, Norveç, Niderland, Portuqaliya, Rumıniya, Finlandiya, Çexiya və İsveç ilə bir sıra ikitərəfli razılaşmalar imzalamağı planlaşdırır.