Yeni Zelandiya sərhədlərini mərhələli şəkildə açmağa başlayır
- 03 fevral, 2022
- 01:57
Avstraliyada olan peyvənd olunmuş yeni zelandiyalılar fevralın 27-dən, aşılanmış digər ölkə vətəndaşları isə martın 13-dən Yeni Zelandiyaya - evlərinə qayıda biləcək.
“Report” “BBC News”a istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Baş naziri Casinda Ardern danışıb.
Onun sözlərinə görə, bütün səyahətçilər 10 gün ərzində özünü təcrid etməli olacaqlar, lakin dövlət karantin müəssisələrində məcburi qalma müddəti ləğv ediləcək.
Bundan başqa, aprelin 12-dən 5 000-dək əcnəbi tələbə ölkəyə daxil ola biləcək. Avstraliyalılar və Yeni Zelandiyaya vizasız daxil ola biləcək bütün digər səyahətçilərin iyuldan gec olmayaraq ölkəyə daxil ola biləcəkləri gözlənilir. Oktyabr ayında adətən viza tələb edən digər kateqoriyalı əcnəbilər və tələbələr Yeni Zelandiyaya səfər edə biləcəklər.
Yeni Zelandiyanın sərhədləri pandemiya səbəbindən təxminən iki ildir ki bağlıdır. Ölkədə indiyədək 16 817 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 53 nəfər virusdan ölüb.