Yaponiyanın Baş naziri: "Xaricdə hərbi əməliyyatlar aparmaq hüququna malik olmalıyıq"

Yaponiyanın Baş naziri: "Xaricdə hərbi əməliyyatlar aparmaq hüququna malik olmalıyıq" “Biz elə bir sistem yaratmalıyıq ki, bu bizə parlamentin sanksiyası ilə hərbi qüvvədən xaricdə istifadə etmək imkanı yaratsın”
Digər ölkələr
2 Fevral , 2015 08:32
Yaponiyanın Baş naziri: Xaricdə hərbi əməliyyatlar aparmaq hüququna malik olmalıyıq

Bakı. 2 fevral. REPORT.AZ/ Yaponiyanın Baş naziri Şinzo Abe ölkə vətəndaşlarını terrorçulardan qorumaq üçün özünümüdafiə qüvvələrinin xaricdə əməliyyatlar aparmaq hüququnun əldə edilməsinə çalışacaq.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, bu barədə Şinzo Abe Yaponiya parlamentinin aşağı palatasında aparılan debatlar zamanı bəyanat verib.

Ş.Abe deyib: “Biz elə bir sistem yaratmalıyıq ki, bu bizə parlamentin sanksiyası ilə hərbi qüvvədən xaricdə istifadə etmək imkanı yaratsın”.

Bu yaxınlaradək Yaponiya Konstitusiyası hərbi qüvvənin xaricdə tətbiqini qəti şəkildə qadağan ediridi, lakin ötən ilin iyulunda ölkənin əsas qanununun məsələ ilə bağlı hissəsinin interpretasiyası dəyişdirildi. Yeni qaydalara əsasən, rəsmi Tokioya Yaponiyanın mövcudluğuna, əhalinin həyatına, həmçinin qonşu-müttəfiq dövlətlərə birbaşa təhlükə yarandığı halda xaricdə hərbi qüvvə tətbiqinə icazə verilir. Bununla bərabər, İŞİD yaraqlıları tərəfindən girovların götürülməsi bu çərçivəyə düşmür və bu, rəsmi Tokionu son hadisələrdə güc tətbiq edə bilmək imkanından məhrum edib.

Həmin ərəfədə İŞİD yaraqlıları tərəfindən yapon girovların qətlinə münasibət bildirən Ş.Abe bəyan etmişdi ki, terrorçu qüvvələr Yaponiyanı qorxuda və beynəlxalq terrorizmə qarşı onu öz mövqeyini dəyişməyə məcbur edə bilməyəcəklər: “Terrorçular elə güman edirlər ki, onların hərəkətləri vahimə yaradaraq, bizi mövqeyimizi dəyişməyə məcbur edəcək. Tokio terror təhlükəsi qarşısında heç vaxt təslim olmaq fikrində deyil”. Baş nazir, həmçinin bildirib: ”Bizim vəziyyətimizdə birlik zəruridir. Biz baş vermiş cinayətin cəzalandırılması üçün beynəlxalq ictimaiyyətlə birlikdə çalışacağıq. Biz, həmçinin Yaponiyanın bütün vətəndaşlarının təhlükəsizliyi naminə gücümüzü səfərbər edəcəyik”.

Son xəbərlər

Orphus sistemi