Bakı. 2 dekabr. REPORT.AZ/ Yaponiya parlamentinin aşağı palatasına dekabrın 14-nə təyin edilmiş seçkilərlə bağlı kampaniyaya dekabrın 2-də rəsmi olaraq start verildi.
"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ekspertlər qələbəni birmənali olaraq hazırda hakimiyyətdə olan Liberal-Demokratik Partiyaya verirlər.
Qeyd edək ki, məhz qalib partiyanin təklifi ilə Yaponiyada yeni Baş nazir seçilir.
Bu isə böyük ehtimalla yenə də Liberal-Demokratik Partiyanın lideri, hazrkı hökumət başçısı Sindzo Abe olacaq.
Noyabrın 21-də aşağı palata imperator Akixitonun sərəncamı ilə buraxılmışdı.
Baş nazir Sindzo Abe Yaponiyada iqtisadi problemlər yarandığını vurğulamışdı: “Mənfi iqtisadi göstəricilərlə əlaqədar istehlak vergisinin gələn il nəzərdə tutulduğu həcmdə - 8%-dən 10%-ə artırılması qeyri-müəyyən müddətə təxirə salınır”.
O əlavə etmişdi ki, üçüncü rübdə ümumi daxili məhsul istehsalı ötən ilin uyğun dövrü ilə müqayisədə 1,6% azalıb.
Yaponiyada son parlament seçkisi 2012-ci ilin dekabrında keçirilib. Həmin seçkidə Sindzo Abenin rəhbərlik etdiyi Liberal Demokrat Partiyası qalib gəlib.