Yaponiyanın iki nazirliyinin rəhbəri hakim Liberal Demokrat Partiyasında siyasi ianələrin toplanması zamanı maliyyə hesabatlarının pozulması ilə bağlı yaranmış qalmaqala görə istefaya getməyə məcbur olub.
“Report” xəbər verir ki, bu barədə “Kiodo Tsusin” agentliyi məlumat yayıb.
Söhbət iqtisadiyyat, ticarət və sənaye naziri Yasutosi Nisimura və kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq naziri İtiro Miyasitadan gedir. Yaxın vaxtlarda Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsunonun da istefa verəcəyi gözlənilir.
Bundan əvvəl bildirilmişdi ki, Yaponiyanın hakim partiyasının xeyrinə ictimai ianələrin mümkün mənimsənilməsi ilə bağlı siyasi qalmaqal baş nazir Fumio Kişidanın administrasiyasının qısa zamanda sonunu gətirə bilər.
Siyasi fəaliyyətlər üçün ianələrin toplanması təcrübəsi Yaponiyada qanunidir və digər şeylərlə yanaşı, pullu partiya tədbirlərinə bilet satışı da daxildir. Bu cür fəaliyyətlər üçün qanuni məhdudiyyətlər var və alınan məbləğ maliyyə hesabatlarında tam şəkildə qeyd edilməlidir.