Yaponiyanın Baş naziri Fumio Kişida Şimali Koreyanın raket buraxılışından sonra Milli Təhlükəsizlik Şurasının iclasını çağırır.
“Report”un məlumatına görə, “Kiodo” agentliyi hökumətdəki mənbələrə istinadən xəbər verib.
İddia edilən raket sınaqları ilə əlaqədar Yaponiya Baş nazirinin ofisində böhran qərargahı yaradılıb. NHK-nın məlumatına görə, Kisida “məsul departamentlərə üç istiqamətdə fəaliyyət göstərməyi tapşırıb: hava və dəniz nəqliyyatının təhlükəsizliyi də daxil olmaqla, vəziyyətin ətraflı təhlilini aparmaq, insanları ətraflı və vaxtında məlumatlandırmaq və gözlənilməz hallar baş verərsə, bütün lazımi tədbirləri görmək".
Qeyd edək ki, Yaponiya Sahil Mühafizəsi bazar günü səhər KXDR-in ballistik raketin buraxa biləcəyi ilə bağlı xəbərdarlıq edib. Yaponiya Müdafiə Nazirliyi də mümkün buraxılışı açıqlayıb. Dənizdə olan gəmilərə diqqətli olmaq və şübhəli obyektlər aşkar edildikdə onlardan uzaq durmaq tövsiyə olunub. Bir müddət sonra mərminin mümkün düşməsi ilə bağlı xəbər yayılıb.
Yaponiya və ABŞ rəsmiləri KXDR-in raket buraxılışını pisləyiblər. Cənubi Koreya Prezidenti isə KXDR-i regionda gərginlik yaratmaq cəhdlərinə son qoymağa çağırıb.