Viktor Orban: Azərbaycandan enerji təchizatı Macarıstan üçün çox vacibdir

Digər ölkələr
  • 20 mart, 2026
  • 05:54
Viktor Orban: Azərbaycandan enerji təchizatı Macarıstan üçün çox vacibdir

"Drujba" boru kəməri vasitəsilə neft təchizatında fasilələr və dünya enerji bazarında ümumi qeyri-sabitlik fonunda Azərbaycandan enerji təchizatı Macarıstan üçün böyük əhəmiyyət kəsb edir.

"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.

"Bu yaxınlarda Azərbaycan Prezidenti ilə danışdım. Regionun bütün liderləri ilə - BƏƏ, Qətər, həmçinin Azərbaycanla - birbaşa əlaqələrim var və biz əməkdaşlığımızı davam etdiririk", - o qeyd edib.

Orbanın sözlərinə görə, Macarıstanın regiondakı tərəfdaşları mövcud vəziyyətdə həqiqi dəstək göstərirlər.

"Onlar təkcə mehriban və qonaqpərvər deyillər. Onlar əsl qardaşlıq dəstəyi göstərirlər. Buna görə də bunu çox yüksək qiymətləndiririk", - Baş nazir vurğulayıb.

Qeyd edək ki, Macarıstan həm neft, həm də qazı Azərbaycandan alır. Bundan əlavə, Macarıstanın MOL və MVM şirkətləri "Azəri-Çıraq-Günəşli" neft blokunda və Xəzər dənizindəki "Şahdəniz" qaz-kondensat yatağında paya sahibdirlər.