Ursula fon der Lyayen etimad səsverməsindən sonra vəzifəsində qalıb
- 10 iyul, 2025
- 14:12
Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen və 27 komissardan ibarət kollegiya AK rəhbərinə qarşı irəli sürülmüş etibarsızlıq votumu üzrə səsvermədən sonra öz vəzifələrini saxlayacaqlar.
“Report”un Avropa bürosunun məlumatına görə, etimadsızlıq votumuna cəmi Avropa Parlamentinin 175 deputatı səs verib. Parlamentin digər 360 üzvü təklifi dəstəkləməyib, 18 nəfər isə bitərəf qalıb.
Səsvermənin nəticəsi, demək olar ki, bütün tərəflər, o cümlədən Avropa Komissiyasının özü tərəfindən gözlənilirdi. O, hətta səsvermədə iştirak etməyib və Ukraynanın bərpası ilə bağlı konfransın keçirildiyi Romaya gedib.
Lakin belə bir təklifin irəli sürülməsi faktı Ursula fon der Lyayenin problemlərini və ona qarşı artan siyasi müxalifəti üzə çıxarıb. Vaxtilə fon der Lyayeni hakimiyyətə gətirən böyük partiyalar olan tərəfdarları, Avropa Komissiyasının sədri ilə baxışlarındakı fərqdən məyus olublar.
Avropa Komissiyasının sədri son dəfə 2014-cü ildə Jan-Klod Yunkerə qarşı etimadsızlıq votumu irəli sürüləndə parlamentdə özünü müdafiə etməli olmuşdu.
İfrat sağçıların irəli sürdüyü ittihamlarla bağlı müzakirələr göstərdi ki, Avropada fon der Lyayenin fəaliyyətindən təkcə onlar narazı deyil. Onun fəaliyyətini sosialistlər və “yaşıllar” da tənqid edirdilər. Hesab edirdilər ki, yaranmış vəziyyət onun siyasətinin nəticəsidir, daha doğrusu, onun uğursuzluğunun nəticəsidir. Bu, iqlim siyasətinə, miqrasiya siyasətinə və digər məsələlərə aiddir.
Lakin etimadsızlıq votumu ilə bağlı dinləmələrdən sonra büdcə müzakirələri zamanı fon der Lyayen əvvəllər səsvermədə bitərəf qalmaqla hədələyən sosialistlərin dəstəyini qazana bilib.
“Renew Europe” qrupu da bitərəf qalmaq əvəzinə təklifin əleyhinə səs verəcəyini bəyan edib. Qrup dünən axşam yaydığı məlumatda qeyd edib ki, fon der Lyayenin sentyabrda Avropa İttifaqındakı vəziyyətlə bağlı illik müraciətini gözləyir.