Bakı. 13 yanvar. REPORT.AZ/ Ukraynada hərbi çağırışdan və səfərbərlikdən yayınanlar cinayət məsuliyyəti daşıyaraq, iki ildən beş ilədək azadlıqdan məhrum ediləcək.
"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qəraragahı Müdafiə və Səfərbərlik Baş İdarəsi rəisinin birinci müavini general-mayor Vladimir Talalay keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ukraynada hərbi xidmətdən yayınmaq "ciddi problemdir" və bununla bağlı ciddi cəza da tətbiq ediləcək: "Əgər vətəndaş açıq şəkildə hərbi xidmətdən boyun qaçırdığını bildirərsə, o zaman həmin adam cinayət məsuliyyətinə cəlb edilərək, iki ildən beş ilədək azadlıqdan məhrum edilə bilər. Daha yüngülü isə inzibati cəzadır".
Xatırladaq ki, yanvarın 20-də Ukraynada növbəti hərbi çağırış başlayacaq. Aprel və iyunda da iki belə tədbirin keçirilməsi planlaşdırılıb. Bu il 50 min çağırışçının hərbi xidmətə cəlb ediləcəyi nəzərdə tutulub.
Ukraynanın müdafiə naziri Stepan Poltorak bir neçə gün öncə bildirmişdi ki, ehtiyac olsa, 2015-ci ildə 104 min nəfər səfərbər ediləcək.