Ukraynanın xaricdəki 60-dan çox diplomatik qurumu oktyabrın 14-də binalarının minalanması ilə bağlı məlumat alıb.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi teleqram kanalında məlumat yayıb.
“Oktyabrın 14-də Ukraynanın xaricdəki 60-dan çox diplomatik qurumuna binalarının minalanması ilə bağlı anonim məktublar daxil olub”, - məlumatda deyilir.
Qurumdan əlavə edilib ki, bəzi hallarda diplomatik qurumlar yoxlamalar zamanı konsulluq xidmətlərini dayandırmalı olublar.
“Ukraynın xarici işlər naziri Andrey Sibiqa ölkənin diplomatik qurumlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib. Diplomatlar olduqları ölkələrin hüquq-mühafizə orqanları ilə sıx təmasdadırlar”, - bəyanatda qeyd olunur.
Xatırladaq ki, dünən gündüz Ukrayna KİV ölkənin müxtəlif şəhərlərində, o cümlədən Kiyev, Jitomir, Lvov, Rivne, Sumı və Ujqorodda, İvano-Frankivsk və Çerniqov vilayətlərində onlarla obyektin minalanması ilə bağlı anonim məlumatların daxil olduğunu yazıb. Daha sonra məlumatı Ukrayna Milli Polisi də təsdiqləyib. Müvafiq xidmətlər tərəfindən yoxlamalar təşkil edilib.