Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb
- 13 oktyabr, 2026
- 05:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukraynanın beynəlxalq ehtiyatları yanvarın 1-dən oktyabrın 1-dək 10,19 milyard dollar və ya 17,8 % azalıb.
"Report" xəbər verir ki, bu, Ukrayna Milli Bankının məlumatlarından məlum olur.
"İlkin məlumatlara görə, 1 oktyabr 2026-cı il tarixinə Ukraynanın beynəlxalq ehtiyatları 47 101,8 milyon ABŞ dolları təşkil edib", - Ukrayna Milli Bankının saytında dərc olunan məlumatda bildirilib. Bununla yanaşı, 1 yanvar 2026-cı ildə ölkənin beynəlxalq ehtiyatları 57,292 milyard dollar təşkil edib. Beləliklə, doqquz ay ərzində Ukraynanın beynəlxalq ehtiyatları 10,19 milyard dollar və ya 17,8 % azalıb.
Qızıl-valyuta ehtiyatlarının azalması fonunda Ukraynada dövlət borcu artır. Maliyyə qurumunun məlumatına görə, avqust ayının yekunlarına əsasən, ölkənin dövlət borcu 215,55 milyard dollara çatıb. Təkcə bir ay ərzində Ukraynanın borcu 1,37 milyard dollar artıb.
Ukrayna Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə, bu ilin sonuna qədər ölkənin dövlət borcu 10,15 trilyon qrivnaya və ya 226 milyard dollara çatacaq. Bununla yanaşı, 2027-ci il üçün dövlət büdcəsi layihəsi dövlət borcunun 276 milyard dollara qədər artmasını nəzərdə tutur.