Tramp: ABŞ Şotlandiya viskisinə rüsumları ləğv edir

Digər ölkələr
  • 01 may, 2026
  • 03:57
Tramp: ABŞ Şotlandiya viskisinə rüsumları ləğv edir

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya Kralı III Çarlzın Vaşinqtona səfəri münasibətilə Şotlandiya viskisi istehsalına qoyulan rüsumlardan imtina edir.

"Report"un məlumatına görə, ABŞ lideri bu barədə "Truth Social"da yazıb.

"Ağ Evi yenicə tərk edən və tezliklə gözəl ölkələrinə qayıdacaq Birləşmiş Krallığın Kralı və Kraliçasına hörmət əlaməti olaraq, Şotlandiyanın Kentukki ilə viski və burbon istehsalında - iki həyati əhəmiyyətli sənaye sahəsində əməkdaşlıq etmək imkanı ilə əlaqədar olaraq viskiyə qoyulan rüsumlardan və məhdudiyyətlərdən imtina edirəm", - paylaşımda bildirilir.

Bununla yanaşı o əlavə edib ki, ABŞ və Böyük Britaniya arasında, xüsusən taxta çəlləklərin tədarükündə aktiv ticarət mövcuddur. "Kral və Kraliça məni heç kimin etmədiyi işi görməyə inandırdılar və praktik olaraq məndən bunu etməyimi istədilər", - Tramp əlavə edib.

Ötən ilin oktyabrında "Bloomberg" ABŞ administrasiyasının Şotlandiya viskisinə qoyulan rüsumları azaltmağı düşündüyünü bildirib. Qeyd olunub ki, bu sektordakı rüsumlara görə Britaniya sənayesi ayda təxminən 27 milyon dollar itirir. Bundan əlavə, bütün Şotlandiya viskisinin təxminən 60 %-i Amerikanın burbon çəlləklərində saxlanılır.