Tel-Əvivdə aksiya başa çatıb: 18 nəfər saxlanılıb

Digər ölkələr
  • 25 iyul, 2023
  • 01:42
Tel-Əvivdə aksiya başa çatıb: 18 nəfər saxlanılıb

Tel-Əvivdə etiraz aksiyası 18 nəfərin saxlanılması ilə başa çatıb, 10 polis əməkdaşı yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” xəbər yayıb.

Saxlanmalar polis əməkdaşlarına hücum və ya asayişi pozma ilə əlaqədar edilib.

Həmçinin qeyd olunur ki, İsrailin Cənub Dairəsindəki keçirilən etiraz aksiyaları zamanı şəhərin təhlükəsizlik xidmətinin rəhbəri tapançadan havaya atəş açarkən atışma baş verib. Polis asayişi bərpa edib, 7 nəfər dindirilmək üçün saxlanılıb.

İyulun 25-də Tel-Əvivdə İsraildə məhkəmə islahatlarına qarşı kortəbii mitinq keçirən yüzlərlə nümayişçi şəhərin şərqində Ayalon magistral yolunu bağlayıb.

Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu məhkəmə-hüquq islahatları haqqında qanun layihəsinin ikinci və üçüncü oxunuşunu parlamentin yayda keçiriləcək növbəti iclasına qədər təxirə salacağını bəyan edib.

Aprelin sonunda məhkəmə islahatlarına qarşı etirazlar bütün İsraili bürüyüb. Parlamentin yay sessiyasının açılışı ərəfəsində ölkənin müxtəlif şəhərlərində nümayişlər keçirilib. İnsanlar Netanyahunun siyasəti və məhkəmə islahatları ilə razılaşmadıqlarını bildiriblər.