Tanınmış fəal Kemi Seba Parisdə saxlanılıb

Tanınmış fəal Kemi Seba Parisdə saxlanılıb Fransa polisi Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Sebanı Parisdə həbs edib.
Digər ölkələr
15 Oktyabr , 2024 17:10
Tanınmış fəal Kemi Seba Parisdə saxlanılıb

Fransa polisi Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Sebanı Parisdə həbs edib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin TRT telekanalı yerli KİV-ə istinadən məlumat yayıb.

Məlumata görə, K.Seba dünən restoranda həmkarlarından biri ilə nahar edərkən saxlanılıb.

Fransa bu məsələ ilə bağlı münasibət bildirməyib.

Qeyd edək ki, K.Seba Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri kimi tanınır və neokolonializmlə fəal mübarizə aparır. O, həm də Fransa neokolonializminin əsas tənqidçilərindən biridir.

K.Seba 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olub. 2024-cü ildə Fransa hökuməti Parisin müstəmləkəçilik siyasəti nəticəsində Afrika ölkələrinə vurduğu ziyana görə ölkə hakimiyyətini açıq şəkildə tənqid etdiyi və Fransanın dənizaşırı ərazilərinin müstəqilliyi uğrunda hərəkatları dəstəklədiyi üçün onu vətəndaşlıqdan məhrum edib.

Fransa hakimiyyəti K.Sebanı mövqeyindən geri çəkilməyə məcbur etmək üçün dəfələrlə həbs edib.

Fransa vətəndaşlığını itirməsinə cavab olaraq Niger prezidenti K.Sebanı xüsusi müşavir təyin edib, bir sıra Afrika ölkələri isə ona diplomatik pasport verib.

K.Sebanın müxtəlif sosial şəbəkələrdə geniş auditoriyası var – o, “Facebook”da 1,3 milyon, “TikTok”da 370 min, “Instagram”da 306 min, “X”da 280 min, “YouTube”da isə 230 min izləyiciyə malikdir.

Son xəbərlər

Orphus sistemi