Tailandda kranın qatarın üzərinə aşması nəticəsində ölənlərin sayı 32-yə çatıb - YENİLƏNİB-2
- 14 yanvar, 2026
- 18:38
Tailandın şimal-şərqində tikinti kranının sərnişin qatarının üzərinə aşması nəticəsində həlak olanların sayı 32 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "BBC News" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
66 nəfər yaralanıb, 7 nəfərin vəziyyəti son dərəcə ağırdır.
Rəsmilərin sözlərinə görə, qəza baş verən zaman qatarda 171 sərnişin olub.
Tailandın Dövlət Dəmir Yolları hadisəni araşdırmağa başlayıb və kranın məxsus olduğu tikinti şirkətini məsuliyyətə cəlb etmək niyyətində olduğunu bildirib.
"Italian-Thai Development Public Company Limited" şirkətinin rəhbərliyi hadisə ilə əlaqədar təəssüfünü bildirərək həlak olanların və xəsarət alanların ailələrinə kompensasiyanın veriləcəyini elan edib.
Tailandda tikinti kranının sərnişin qatarının üzərinə düşməsi nəticəsində həlak olanların sayı 29-a çatıb.
"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Son məlumatlara əsasən, yaralananların sayı 67-yə çatıb.
"Khaosod" qəzetinin yazdığına görə, artıq yaralanan 54 nəfərin kimliyi müəyyən edilib.
Hadisə yerindən meyitlərin çıxarılması işləri davam edir.
Tailandda tikinti kranının sərnişin qatarının üzərinə düşməsi nəticəsində həlak olanların sayı 22 nəfərə, xəsarət alanların sayı isə 70 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə "Khaosod" qəzeti xəbər verib.
Həlak olanların əksəriyyəti qırıntılar altında sıxılıb qalıb.
Hadisə krallığın şimal-şərqində yerləşən Nakxonratçasima əyalətində baş verib. Qatar Banqkok - Ubonratçatxani marşrutu ilə hərəkət edirdi. Toqquşma nəticəsində qatar relsdən çıxıb və yanğın baş verib.
Hadisə yerində xilasetmə xidmətlərinin əməkdaşları işləyirlər, onlar üç vaqonda bloklanmış sərnişinləri xilas etməyə çalışırlar.