Fransanın xalqımızdan piyada kimi istifadə etməsi qəbulolunmazdır.
Bunu "Report"un ABŞ bürosuna açıqlamasında uzun illərdir Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən Sint-Martendən olan hüquq müdafiəçisi, pedaqoq, yazıçı Roda Arrindell deyib.
R.Arrindell bildirib ki, xalqı ilə bağlı bütün qərarlar Parisdə verilir və onların müstəqilliyi əllərindən alınıb:
"Sint-Marten Karib dənizinin şimal-şərqində yerləşən tropik adadır, Hollandiya və Fransa arasında bölüşdürülüb. Xalqımın müstəqilliyinin müdafiəçisi olaraq, uzun illərdir fəaliyyət göstərirəm. Biz bir kollektiv kimi toplanmışıq və xaricdə ölkəmizin hüquqlarını müdafiə etməyə çalışırıq. Adada məskunlaşan xalq bir növ inteqrasiya olunub, çünki Fransa hökuməti tərəfindən güclü təzyiq altındadır.
Adanın çoxşaxəli iqtisadiyyatı olsa da, bir Karib xalqı olaraq, avropalıların boyunduruğu altında yaşayırıq. Bizimlə bağlı bütün qərarlar Parisdə qəbul edilir. Təhsil sistemi, təhsilimizin keyfiyyəti və məzmunu, məhkəmə sistemi, səhiyyə sistemi, hərbi və digər sahələr Parisin qərarları ilə idarə olunur".
Hüquq müdafiəçisi xalqının müstəqilliyi üçün Azərbaycandan kömək istəyib:
"Müstəmləkəçilik ədalətsizlikdir. Fakt budur ki, Sint-Marten müstəmləkədir. Hazırda adanın hər iki hissəsində qurulmuş uydurma müstəmləkə hökmranlığı siyasətçilərin nə deməsindən asılı olmayaraq, Sint-Marten xalqının marağında deyil. Xalqımızdan piyada kimi istifadə edilməsi qəbulolunmazdır.
Azadlığımızı və adamızı gələcək nəsillər üçün qorumaq istəyiriksə, bu gün, indi səsimizi ucaltmağa hazır olmalıyıq. Müstəqilliyin Sint-Marteni xilas etməyin yolu olduğunu bilirik və bunun üçün mübarizəmizi davam etdirəcəyik. Biz ümid edir, həm də inanırıq ki, Bakı Təşəbbüs Qrupu və Azərbaycan bizə dəstək ola bilər”.