Ruanda soyqırımı 1994-cü ildə törədilən bir Fransa əməliyyatı idi.
Bunu Ruandanın Ankaradakı səfiri (Azərbaycanın qeyri-rezident səfiri) Çarlz Kayonqa Ruanda soyqırımının 30 illiyini anma mərasimindən sonra “Report”un Türkiyə bürosuna açıqlamasında deyib.
Səfir bildirib ki, 30 il öncə Afrikanın bəzi ölkələrində soyqırımı sanki bir ideologiya halını almışdı: “1994-cü ildə Ruanda soyqırımında tutsilər dəhşətli qırğına məruz qalıblar. Gənc, qoca, kişi, qadın, körpə və hətta ana bətnində olanlar belə təsəvvür olunmaz şəkildə qətlə yetirilib. Bu dəhşəti dövrün siyasətçiləri tərəfindən həyata keçirilən kollektiv bir təşəbbüs də adlandırmaq olar. Bütün əhali kollarda, tarlalarda, bataqlıqlarda, təpələrdə, dərələrdə və hər hansı şübhəli yerdə gizlənən tutsilərin ovuna qatılmaq üçün səfərbər edilmişdi. 100 günə qədər sürən bu qanlı hadisələr hutu tayfalarının üstünlük təşkil etdiyi hökumətin tutsilərin dəstəklədiyi üsyançı Ruanda Vətənpərvər Cəbhəsinin lideri Paul Kaqameyə sadiq qüvvələrin devrilməsi ilə başa çatıb. Amma qisas daha sonra da davam edib. Tutsilərin hücumları nəticəsində yüzminlərlə hutu qonşu Zairə (Konqo Respublikası) sığınıb. Eyni tayfalar - huti və tutsilərin qırğını orada da baş verib. O zaman nifrət, kin, qisas toxumları səpilirdi, genosid sanki bir ideologiya idi. Beynəlxalq təşkilatlar, bu qırğında rolu olanlar isə sadəcə kənardan müşahidə edirdilər. Bu mənada, mən deyərdim ki, onlar üçün insan hüquqları önəmli deyil”.
Hazırda dünyada azad medianın, geniş sosial şəbəkələrin olduğunu qeyd edən Çarlz Kayonqa hələ də bu dəhşətli genosidin kifayət qədər gündəmə gətirilmədiyini bildirib: “Dünyada bu qədər azad və sosial media var, amma genosid gündəmə gətirilmir. Soyqırımı törədənlərin onu inkaretmə kampaniyası aparılır. Xüsusən də Qərb paytaxtlarına sığınan bir ovuc bloqçu və qeyri-müəyyən “akademiklərin” lobbiçilik, ictimaiyyətlə əlaqələr və vəkillik fəaliyyəti ilə məşğul olduğu sosial media bu fəaliyyəti böyütməyə davam edir”.
Səfir hazırda Ruandanın insan haqlarına hörmət, dünyada və regionda sülhün bərpasının tərəfdarı olduğunu vurğulayıb: “Biz hüzurun, sülhün, inkişafın tərəfindəyik. Ağlasığmaz itkilərə, ağrılara, faciələrə məruz qalmalarına baxmayaraq, əzizlərinin qatillərini bağışlamaq mərhəmətinə, cəsarətinə malik olanların yanındayıq. Tələbimiz, mübarizəmiz bir daha soyqırımının olmaması üçündür. Biz insanlığa qarşı hər cür cinayətlərə, irqçilik, islamofobiya, ksenofobiya və ekstremist ideologiyaya qarşıyıq”.