Bakı. 5 mart. REPORT.AZ/ Rusiyada tam yeni hərbi təyyarənin sınağı olub. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, SR-10 təyyarəsi Kaluqa vilayətində ilk uçuşunu həyata keçirib.
SR-10 təyyarəsi "Müasir aviasiya texnologiyaları" konstruktor bürosunun təşəbbüsü əsasında ərsəyə gəlib. Tarixdə ilk dəfə bu cür təyyarə dövlət büdcəsindən vəsait ayrılmadan hazırlanıb.
Təyyarənin hazırlanması üzərində iş 2007-ci ildə - Maksim Mironov və Sergey Yuşin konstruktor bürosunu yaradarkən başlayıb. Bu ideya uçuş təlimlərində istifadə olunan Çexiya istehsalı L-39 təyyarəsinin "yaşlanması" qənaətinə gəlindikdən sonra yaranıb.
Sınaqların nəticələrinə görə, Hərbi Hava Qüvvələrinin təlim-məşq komplekslərinə 100 ədəd SR-10 təyyarəsinin alınması gözlənilir. İlk 4 təyyarə artıq bu il hazırlanmalıdır. Növbəti il 26, 2018-2019-cu illərdə isə 35 ədəd təyyarə istehsal olunmalıdır. Mütəxəssislər kütləvi istehsal olacağı təqdirdə təyyarənin əla ixrac potensialının olduğunu da qeyd edir.
"Report" bu təyyarənin sınaq uçuşundan hazırlanmış videonu sizə təqdim edir: