Qırğızıstanda yerli hakimiyyət orqanlarına seçkilər və konstitusiyaya dəyişikliklərin tətbiqi ilə bağlı referendum keçirilir.
“Report” xəbər verir ki, bu barədə "İnterfaks məlumat yayıb.
Ölkə ərazisində yerli vaxtla səhər saat 8-dən axşam saat 20-ə qədər 2 483 seçki məntəqəsi fəaliyyət göstərir. Daha 48 məntəqə ölkədən kənarda – 28 ölkədə açılacaq.
Seçicilərin 30%-nin səsvermədə iştirak edəcəyi halda referendum baş tutmuş hesab edilir.
Referendumla eyni zamanda ölkənin 28 şəhərində və 420 kənd dairəsində yerli şuralara seçkilər keçirilir.
Bu gün yeni Konstitusiyanın qəbulu ilə bağlı keçirilən referendum sayca doqquzuncudur.
Qırğızıstanın konstitusiyası 1993-cü ildə qəbul edilib. Respublikanın ilk prezidenti Əsgər Akayevin hakimiyyətdə olduğu vaxtlar - 1994, 1996, 1998 və 2003-cü illərdə dövlət başçısının səlahiyyətlərinin gücləndirilməsi ilə bağlı Konstitusiyaya dəyişiklik üzrə dörd referendum keçirilib.
Qırğızıstanın Mərkəzi Seçki Komissiyası, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq seçkilərdə 255 qanun pozuntusunu qeydə alıb.