"Sustainable Fitch" SOCAR-ın ESG reytinqini "3" səviyyəsində saxlayıb

Energetika
  • 26 oktyabr, 2026
  • 18:01
Sustainable Fitch SOCAR-ın ESG reytinqini 3 səviyyəsində saxlayıb

"Sustainable Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ESG reytinqini "3" səviyyəsində saxlayıb, şirkətin qiymətləndirmə balını isə 41-dən 43-ə yüksəldib.

Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.

Qiymətləndirmə zamanı SOCAR-ın ekoloji, sosial və korporativ idarəetmə (ESG) sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, eləcə də ESG məlumatlarının açıqlanmasının genişləndirilməsi istiqamətlərində əldə etdiyi nailiyyətlər qeyd olunub. Bu nailiyyətlər SOCAR-ın hesabatlılıq prosesində aparıcı beynəlxalq standart və təcrübələri rəhbər tutduğunu, beynəlxalq investorların və maliyyə institutlarının şəffaflıq, müqayisəlilik və açıqlanan məlumatların keyfiyyəti ilə bağlı gözləntilərini nəzərə aldığını nümayiş etdirir.

Bundan əlavə, SOCAR-ın istixana qazı emissiyalarının azaldılması və ətraf mühitə təsirin idarə olunmasına sistemli yanaşmanın inkişaf etdirilməsi istiqamətində uğurları qeyd edilir. Neft-qaz sektoruna xas ekoloji çağırışlara baxmayaraq, qiymətləndirmənin nəticələri SOCAR-ın dekarbonizasiya və ekoloji məsuliyyət istiqamətində fəaliyyətini təkmilləşdirdiyini göstərir.

Qiymətləndirmənin sosial istiqamətində insan hüquqlarının qorunması və əmək münasibətlərinin idarə olunması üzrə beynəlxalq standartlara əsaslanan korporativ yanaşmalar, eləcə də yerli icmaların dəstəklənməsinə yönəlmiş təşəbbüslər qeyd olunub. Bununla yanaşı, üçüncü tərəflər, o cümlədən podratçılarla bağlı məlumatların məhdud açıqlanması qiymətləndirmədə təkmilləşdirilməli sahələrdən biri kimi vurğulanıb.

Korporativ idarəetmə sahəsində müstəqil auditor rəylərinin mövcudluğu, ikipilləli idarəetmə strukturu və ISO 31000 beynəlxalq standartının prinsiplərinə əsaslanan, şirkətin bütün fəaliyyətini əhatə edən risklərin idarə edilməsi sistemi nəzərə alınıb.

Qiymətləndirmənin nəticələri SOCAR-ın ESG idarəetməsinin inkişafı və korporativ hesabatlılığın şəffaflığının artırılması istiqamətində nailiyyətlərini əks etdirir. Dayanıqlı inkişafın idarə edilməsi, əsas göstəricilərin monitorinqi və məlumatların açıqlanması üzrə yanaşmaların təkmilləşdirilməsi şirkətin fəaliyyətində mühüm istiqamətlər olaraq qalır.

"Sustainable Fitch" tərəfindən dərc edilmiş məlumatla bu keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.sustainablefitch.com/corporate-finance/sustainable-fitch-affirms-socars-entity-rating-at-3-26-10-2026