Peru hakimiyyəti respublikada hökumət əleyhinə nümayişlər zamanı həlak olanların ailələrinə maddi yardım göstərəcək.
"Report" xəbər verir ki, bu barədə rəsmi "El Peruano" qəzeti məlumat yayıb.
Hər bir halda kompensasiyanın məbləği 50 000 sol (13 000 ABŞ dolları) olacaq.
“Hökumət 2022-ci il dekabrın 8-dən 2023-cü il fevralın 10-dək nümayişlər zamanı həlak olanların qohumlarına 50 min sol məbləğində maliyyə yardımı göndərəcək”, - məlumatda deyilir.
Ağır yaralananlara 25 min sol (6 500 ABŞ dolları-red) veriləcək. İnsan Hüquqları üzrə Ombudsman Aparatının hesablamalarına görə, etirazlar zamanı azı 60 nəfər həlak olub, 1 800-ə yaxın aksiyaçı isə yaralanıb.
Prezident Pedro Kastilyonun 2022-ci il dekabrın 7-də hakimiyyətdən uzaqlaşdırılmasından sonra Perunun bir çox bölgəsində genişmiqyaslı etirazlar başlayıb. Onların iştirakçılarının əsas tələbləri arasında dövlət başçısı Dina Boluartenin istefası, parlamentin bağlanması və yeni seçkilərin keçirilməsi olub. Nümayişlər tez-tez yolların bağlanması, hava limanlarına və hökumət binalarına hücumlar, hüquq-mühafizə orqanları ilə toqquşmalarla müşayiət olunurb.