ABŞ Müdafiə Nazirliyi Vaşinqtonun təhvil verdiyi avadanlığın təmiri üçün amerikalı hərbi podratçıların Ukraynaya girişinə qoyulan qadağanın götürüldüyünü təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsi “TASS”ın sorğusuna cavabında bildirib. Qeyd olunub ki, Amerika rəhbərliyi bu qərarla bağlı mümkün riskləri nəzərə alır.
ABŞ və onun müttəfiqləri tərəfindən verilən hərbi texnikanın təmiri və saxlanmasında iştirak edəcək az sayda podratçılar cəbhə xəttindən uzaqda olacaq və Rusiya ordusu ilə döyüşməyəcək.
Belə ki, ABŞ-ın artıq Ukraynaya təhvil verdiyi və ya yaxın aylarda təhvil verəcəyi bəzi silahların, o cümlədən “F-16” qırıcıları və “Patriot” havadan müdafiə sistemləri üçün texniki xidmət xüsusi bilik tələb edir.
Rəsmiyə görə, hər bir podratçı, təşkilat və ya şirkət işçilərinin təhlükəsizliyinə cavabdeh olacaq və onlardan risklərin azaldılması planlarını tətbiq etmələri tələb olunacaq.