Bir neçə saatlıq intensiv yağışlardan sonra daşqın Nigeriyanın cənubunda yerləşən Ondo ştatının eyniadlı inzibati mərkəzini əhatə edib.
“Report” xəbər verir ki, bu barədə “Punch” portalı məlumat yayıb.
Qeyd olunur ki, daşqın nəticəsində şəhərdə minlərlə yaşayış evi dağılıb, sakinlərin kütləvi təxliyəsi aparılır. Ştat paytaxtı ilə yanaşı, İtanla, Oka, Odo İjomu, Betlehem şəhərləri də zərər çəkib. Ştatın ərazisinin əhəmiyyətli hissəsi su altında qalıb.
Daha əvvəl Nigeriyanın Hidroloji Xidmətlər Agentliyi ölkənin 36 ştatından 11-də daşqın təhlükəsi barədə xəbərdarlıq etmişdi. Yağışlarla yanaşı, səbəblər arasında qonşu Kamerunda Benue çayı üzərindəki ən böyük su anbarından suyun buraxılması da var ki, bu çayın aşağı axını Nigeriya ərazisinə düşür.
Ümumilikdə, Qərbi və Mərkəzi Afrika ölkələrini əhatə edən misli görünməmiş daşqınlardan təxminən 4 milyon insan zərər çəkib.