İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin Müdafiə Nazirliyinin rəhbəri İsrail Kats ilə birlikdə İsrail Müdafiə Qüvvələrinə (İMQ) Yəməndə husilərin strateji hədəflərinə hücum əmri verdiyini və bu həmlənin sonuncu olmadığını bildirib.
"Report"un məlumatına görə, bu barədə Baş nazir parlamentdə çıxışı zamanı deyib.
"Son günlərdə biz müdafiə naziri ilə birlikdə ordumuza husilərə məxsus strateji hədəflərə dəqiq zərbələr endirmək göstərişi vermişik. Husilərin istifadə etdiyi mühüm terror aktivlərini məhv etdik. Bu, birinci deyil və sonuncu da olmayacaq", – o əlavə edib.
Netanyahunun sözlərinə görə, İsrail çox sadə bir prinsip qoyub: kim İsrailə zərər verməyə çalışırsa, eyni cavabı alacaq: "İsrail çəkindirici gücünü qüvvətləndirir, düşmənlərinə zərbələr endirir və İranın terrorçu peyklərini bir-bir məhv edir”.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, dekabrın 21-də səhər saatlarında Yəməndən İsrailin mərkəzinə doğru raket atılıb və Təl-Əviv yaxınlığında yerə düşüb. Hadisə nəticəsində azı 14 nəfər xəsarət alıb.