ABŞ zənginləşdirilmiş uran hasil etmək üçün alətlərə malikdir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Cennifer Qrenholm bildirib.
“Hesab edirəm ki, təhlükəsizliyimizi təmin etmək üçün ölkədə zənginləşdirilmiş uranın istehsalı ilə bağlı strategiya qurmaq üçün lazım olan alətlərimiz var”, - nazir ABŞ Nümayəndələr Palatasının Energetika və Ticarət Komitəsində keçirilən dinləmələrdə deyib.
C.Qrenholmun sözlərinə görə, çərşənbə axşamı ABŞ Senatı tərəfindən Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsinin qəbul olunması ABŞ-də nüvə reaktorları üçün uranın zənginləşdirilməsi üzrə etibarlı infrastrukturun yaradılmasına imkan verəcək. Nazir, həmçinin qanunvericiləri əmin edib ki, rəhbərlik etdiyi nazirlik ABŞ-də zənginləşdirilmiş uranın istehsalının artırılması planlarının həyata keçirilməsi barədə Konqresə mütəmadi hesabat verəcək.
Qeyd edək ki, daha əvvəl ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsini yekdilliklə təsdiqləyib. İndi sənədi ABŞ Prezidenti Co Bayden imzalamalıdır. Ağ Ev qanun layihəsini dəstəklədiyini bildirib.