Meksika ABŞ-dən genişmiqyaslı deportasiya halında üçüncü ölkə vətəndaşlarını qəbul etməmək üçün yeni seçilmiş Prezident Donald Trampın administrasiyası ilə razılığa gəlməyə çalışır.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Meksika Prezidenti Klaudiya Şeynbaum mətbuat konfransında deyib.
Bundan əvvəl Tramp ABŞ-də qanunsuz yaşayan miqrantlara qarşı genişmiqyaslı tədbirlər görəcəyini, gələcək vitse-prezident Ceyms Devid Vens isə ildə 1 milyon insanın deportasiya olunacağını istisna etməmişdi.
Bu arada Meksika son illər Kuba, Haiti, Nikaraqua və Venesuela kimi ölkələrin vətəndaşlarını qəbul edərək ABŞ-nin miqrasiya siyasətində əsas rol oynayıb.
Agentlik bildirib ki, ABŞ-nin bu ölkələrin bəziləri ilə mürəkkəb diplomatik münasibətləri oradan olan miqrantların birbaşa deportasiyasını çətinləşdirib.
"Biz Tramp administrasiyası ilə kütləvi deportasiyalar halında miqrantların birbaşa öz ölkələrinə göndərilməsinin tərəfdarıyıq”, - Şeynbaum vurğulayıb.