Macarıstan Ukrayna taxılının öz ərazisinə rüsumsuz idxalına icazə verməyəcək və Avropa İttifaqı bu problemi həll etməsə, onun tədarükünə birtərəfli qadağasını davam etdirəcək.
“Report”un məlumatına görə, bunu ölkənin kənd təsərrüfatı naziri İştvan Nad Brüsseldə Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə görüşdən sonra bildirib.
Onun sözlərinə görə, Ukrayna mallarının Macarıstan bazarında dempinq qiymətləri ilə rüsumsuz ticarəti yerli təsərrüfatlara ciddi ziyan vurur:
“Macarıstan taxıl və yağlı bitkilərin satış məsələsinin avtonom ticarətin liberallaşdırılması tədbirinin bir hissəsi kimi həll olunmasını qətiyyətlə tələb edir. Belə ki, Budapeşt taxıl və yağlı bitkilər onun əhatə dairəsinə daxil olana qədər bu qaydaya düzəlişləri rədd edəcək. Bu məhsulların ticarəti məsələsi həll olunmasa, hökumətimiz Ukrayna kənd təsərrüfatı məhsullarının ölkəyə idxalına qadağasını davam etdirəcək”.