İsrail və Fələstinin radikal “HƏMAS” hərəkatı arasında Qəzza zolağında atəşkəs razılaşması təhlükə altındadır.
“Report”un məlumatına görə, bu barədə “Politico” qəzeti Amerika və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Son saziş layihəsi həm HƏMAS-ın, həm də İsrailin tələblərini nəzərə aldığı üçün bu günə qədərki ən güclü layihədir. Bununla belə, Fələstin hərəkatının hazırkı şərtlərlə razılaşmanı qəbul etməyəcəyinə dair açıq bəyanatları təşəbbüsün iflasa uğrayacağı qorxusunu artırır.
“Politico” qeyd edib ki, əgər müzakirəçilər bu həftə Qahirədə razılığa gələ bilməsələr, tərəflərin atəşkəs əldə etmək imkanları tükənə bilər. Bu, öz növbəsində, İsrailin İran və Livanın Hizbullah partiyası ilə münasibətlərinin, o cümlədən birbaşa hərbi münaqişəyə qədər kəskinləşməsinə səbəb ola bilər.