ABŞ Dövlət Departamenti hazırda Rusiya və Ukrayna arasında mümkün gələcək danışıqlar üçün zəmin hazırlayır, lakin Vaşinqton administrasiyası daxilində belə addımların zəruriliyi ilə bağlı fikir ayrılığı mövcuddur.
“Report” xəbər verir ki, bu barədə ABŞ administrasiyasının bir neçə nümayəndəsinə istinadən “Politico” qəzeti yazıb.
“Pentaqonda çoxları düşünür ki, qış soyuğunun başlaması Ukrayna və Rusiya arasında danışıqlar üçün fürsət açacaq. Yüksək rütbəli hərbi məmurlar hesab edirlər ki, işğal edilmiş ərazilərdən Rusiya qoşunlarını sıxışdırıb çıxarmaq Kiyev üçün asan olmayacaq. Niyə indi sülh danışıqlarını müzakirə etməyə başlamayaq?”, - deyə rəsmilərdən biri bildirib.
Adının açıqlanmasını istəməyən digər rəsmi şəxs isə vurğulayıb ki, Dövlət Departamenti Ukrayna və Rusiya arasında mümkün sülh danışıqları üçün zəmin hazırlayır.
Nəşr bildirib ki, ABŞ administrasiyası bu cür məsləhətləşmələri yalnız Kiyevlə birgə və sıx koordinasiya şəraitində aparacaq. Eyni zamanda digər administrasiya rəsmisi Amerika tərəfinin hələlik konkret diplomatik addım atmadığını bildirib.
Qəzetin yazdığına görə, Ağ Evin Milli Təhlükəsizlik Şurası danışıqların başlanmasına qarşıdır. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ictimaiyyət qarşısında bunun doğru fikir olmadığını bildirib. Administrasiya rəsmilərindən birinin dediyinə görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasında hər kəs oxşar mövqedədir.
ABŞ Prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının sədri Si Cinpinlə ikitərəfli görüşdən sonra mətbuat konfransında xəbərdarlıq edib ki, Kiyevin özünün iştirakı olmadan Vaşinqton Ukrayna ilə bağlı danışıqlara getməyəcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl bildirib ki, Rusiya rəhbərliyi hələ də Ukrayna ilə bağlı məsləhətləşmələrə hazırdır. O, qeyd edib ki, Rusiya Qərbdən olan həmkarları Moskvanın maraqlarını nəzərə alaraq, gərginliyin aradan qaldırılması ilə bağlı danışıqlar təşkil etməyi təklif etsələr, onları dinləyəcək.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində Ukrayna ilə bağlı danışıqların ilk növbədə Vaşinqtonla aparılmalı olduğu fikrini bildirib.