KİV: Sabah Yəməndə atəşkəs elan olunacaq
- 07 iyul, 2015
- 09:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 iyul. REPORT.AZ/ Yəməndə münaqişə edən tərəflər, eləcə də Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri 5 günlüyünə atəşkəs elan olunması haqda razılığa gəliblər. "Report" TASS-a istinadən xəbər verir ki, bu haqda "Elaph" saytı məlumat yayıb.
Xəbərə görə, hətta sonradan atəşkəsin müddəti uzadıla da bilər. Məlumatda bildirilir ki, bu tədbirin başlamasının iyulun 8-də elan olunacağı gözlənilir. "Humanitar barış" adı altında tətbiq ediləcək atəşkəsin Ramazan Bayramına, yəni iyulun 17-dək davam etməsi nəzərdə tutulub.
Həmçinin qeyd olunub ki, BMT baş katibinin xüsusi nümayəndəsi İsmayıl Şeyx Əhməd yaxın 48 saatda "humanitar yardım" aksiyasının bütün detallarını dəqiqləşdirəcək.